Özəl:

Şərqin qapısı - Naxçıvan



Şərqin qapısı - Naxçıvan
Naxçıvan Muxtar Respublikası Kiçik Qafqazın cənub-qərb qurtaracağında, Dərələyəz və Zəngəzur dağlarının arasında yerləşir. Ərazisinin təxminən üçdə biri dəniz səviyyəsindən 600-1000 metr yüksəkdə yerləşir. Ən hündür nöqtəsi Qapıcıq və İlandağdır. Bakıdan 560 kilometrlik məsafədə yerləşir.
Kontinental iqlimə malik Naxçıvanda temperatur ampltudası yayda +45, qışda -30 dərəcə arasında dəyişir. Fıstıq, şərq palıdı, qoz, söyüd, ağcaqayın, çoxlu sayda dərman bitkiləri ilə zəngin təbiətə malikdir. Burada ayı, qaban, Kiçik Asiya muflonları, dağ qoyunları və digər heyvanlar yaşayır.
Qədim maddi-mədəniyyət abidələri ilə zəngin, tarixən "Şərqin qapısı”, "Nəqşi-cahan” adlandırılan Naxçıvanın ən önəmli cəhəti Qərblə Şərqi birləşdirən keçid olması və ticarət yolları üzərində yerləşməsidir. Yaxın Şərqin qədim şəhərlərindən biri, 3500 ildən çox yaşı olan Naxçıvan haqqında ilk yazılı məlumat Ptolomeyin "Coğrafiya" əsərində verilib. O, bu bölgəni "Naxsuana" adlandırır və hələ eramızdan əvvəl II yüzillikdə şəhər olduğunu yazır. Məhəmməd Naxçıvani, Həmdullah Qəzvini, Övliya Çələbi və digər məşhur  orta əsr müəlliflərinin əsərlərində şəhərə "Nəqşi-Cahan", yəni "Dünyanın Bəzəyi" adı verilib. Naxçıvanda qədim şəhərin bürcləri, qalaları, məqbərələri indi də qalır.  
Yerli sakinlər Naxçıvanda yaşayış məskəninin yaranmasını Böyük Daşqından xilas olan Nuh peyğəmbər haqqında rəvayətlə bağlayırlar. Həmin rəvayətə görə, Nuh peyğəmbər su çəkildikdən sonra burada xeyli ömür sürüb və burada vəfat edib.
Şəhərin strateji mövqedə yerləşməsi həmsərhəd dövlətlərin vaxtaşırı basqınlarına səbəb olurdu. Bu müharibələr nəticəsində şəhər bir neçə dəfə dağıntıya məruz qalıb və yenidın bərpa edilib. Müxtəlif dövrlərdə Naxçıvan bölgədə yaranmış Sacilər, Salarilər, eləcə də Eldənizlər sülaləsinin idarə etdiyi Azərbaycan Atabəylər dövlətinin əsas şəhərlərindən biri olub.
Tarixən Naxçıvan dulusçuları, zərgərləri, memarları ilə də tanınıb. Əsasən memarlığın daha çox inkişaf etdiyi bölgədə Eldənizlərin məşhur saray kompleksi, cümə məscidi, mədrəsə, müxtəlif dövlət binaları və saraylar ucaldılıb. Fransız səyyahları Pyer Şarden, Dübua de Monper, ingilis səyyahı Porter Naxçıvanın qədim memarlıq abidələri ilə zəngin və gözəl bir şəhər olduğunu yazırdı.
Naxçıvan torpağında XII əsrin böyük memarı Əcəmi ibn Əbubəkr Naxçıvaninin yaratdığı Yusif ibn Küseyir, Mömünə xatun türbəsi, minarəli Cümə məscidi zəmanəmizə qədər gəlib çatıb. Şəhərdəki digər  tarixi abidələr - İmamzadə memarlıq kompleksi, Zaviyə məscidi, "Xan evi" dövlət tərəfindən mühafizə olunan obyektlər sırasına daxildir.
Azərbaycanın qədim diyarı olan Naxçıvan nadir təbiəti ilə də seçilir. Xüsusən bulaqlar və göllərlə zəngin bölgədə ekoturizmin inkişafı üçün əlverişli şərait var.
Dünyada yeganə üzən adaya malik Batabat gölü turistləri özünə cəlb edən məkanlardan biridir. Əsrarəngiz təbiət abidəsi sayılan üzən ada Sfaqnum mamırlarından və onun üzərində bitən ot örtüyündən formalaşıb. Ada yerini küləyin istiqamətindən asılı olaraq dəyişir. Batabat gölündə nadir qızıl və gümüşü balıq növləri var. Balıq ovu həvəskarları üçün ideal şəraitə malik olan gölün ətraf əraziləri dərman bitkiləri ilə zəngindir.
Naxçıvan şəhərindən 65 kilometr aralıda, dəniz səviyyəsindən 2445 metr hündürlükdə olan Batabat həm də özünün şəfalı suyu ilə məşhurdur. Təmiz dağ havası, meşələri ilə məşhur bölgə Zorbulaq, Südlübulaq kimi şirin suları və «Narzan» mineral suyu ilə ad çıxarıb. Sirab, Badamlı, Vayxır, Nəhəcir, Qızılcir kimi nadir mineral sularının tayı-bərabəri yoxdur.
Ümumiyyətlə muxtar respublikanın Ordubad, Culfa, Babək, Şahbuz, Şərur və Kəngərli rayonlarının hər biri ayrılıqda tarixi abidələri, zəngin mədəniyyət nümunələri, əsrarəngiz təbiət mənzərələri ilə diqqəti cəlb edir.
Böyüklüyünə görə muxtar respublikada ikinci şəhər olan Ordubadda bürünc dövrünə aid daş qoç heykəllər, eramızdan əvvəl II-I minilliklərə aid yaşayış məskəninin qalıqları, qədim Gilan və Anabad şəhərinin xarabalıqları, Kilit, Əylis, Biləv, Vənənd kəndlərində orta əsr tikililəri və bir çox tarixi abidələr var.
Ordubaddan 60 kilometr cənubda yerləşən Gəmiqaya abidəsində eramızdan əvvəl III-II minilliklərə aid nadir petroqliflər qorunub saxlanır. Burada məişət və ov səhnələrini, real və fantastik heyvanları təsvir edən minlərlə rəsm həkk olunub.
Muxtar respublikanın şərqində yerləşən Culfa şəhərinin yaxınlığında, Araz çayının sahilində XIII yüzilliyə aid karvansaranın, XIV yüzilin əvvəlində salınan körpünün, Gülüstan məqbərəsinin, Əlincə qalasının və bir çox digər abidələr və qədim tikililərin qalıqları hələ də qalmaqdadır.
Sirab, Vayxır mineral su qaynaqları və daş duz yataqları Babək rayonunun ərazisindədir. Gültəpə, Abbasabad, Vayxır, Aznabyurdun qədim xarabalıqları olan arxeoloji abidələr də burada yerləşir. Babək rayonu kükürd və torf yataqları ilə də zəngindir.
Şahbuz rayonunda xalq arasında "Fərhadın evi" kimi adlandırılan qədim insan məskəni yerləşir. Qeyri-adi görünüşə malik yaşayış məskəni dağın içərisinə doğru yonularaq dörd otaqlı ev şəklinə salınıb. Naxçıvanın qərbində yerləşən mülayim iqlimə malik Şərurda qışda temperatur nadir hallarda +3 dərəcədən aşağı düşür, yayda isə +26 dərəcədən yuxarı qalxmır.
Naxçıvan bizə ümummilli lider Heydər Əliyev, yazıçı Cəlil Məmmədquluzadə, Stalin repressiyalarının qurbanı şair Hüseyn Cavid və başqaları kimi çox sayda görkəmli şəxsiyyətlər bəxş edib.
Naxçıvan zəngin və çeşidli mətbəxi ilə də məşhurdur.
loading...
Offline
  • Şərh №: 5
  • 6 may 2016 17:08
  • Xəbər sayı: 198
  • Şərh sayı: 905
Qeşeng yerdir

--------------------
Offline
  • Şərh №: 4
  • 28 yanvar 2015 20:31
  • Xəbər sayı: 0
  • Şərh sayı: 6
qeweng yerlerdi
Offline
  • Şərh №: 3
  • 17 yanvar 2015 21:29
  • Xəbər sayı: 0
  • Şərh sayı: 20
Super yerdi))))
Offline
  • Şərh №: 2
  • 17 yanvar 2015 12:04
  • Xəbər sayı: 0
  • Şərh sayı: 54
Hamisi gozel yerdi

--------------------
Offline
  • Şərh №: 1
  • 12 yanvar 2015 16:27
  • Xəbər sayı: 23
  • Şərh sayı: 268
gozel yerdi

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər