Özəl:

Kəlağayını kişilər hazırlayır



Kəlağayını kişilər hazırlayır
Kəlağayı sənətinin tədqiqi ideyası necə yarandı?
Bolqarıstanda Azərbaycan səfirliyinin və bu ölkənin Xarici İşlər Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Mədəniyyət İnstitutunun birgə təşkilatçılığı, Sofiya İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan kəlağayı sənətinin təqdimatı oldu. Təqdimat mərasimində Bolqarıstanın dövlət və hökumət rəsmiləri, bu ölkədə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, mədəniyyət və ictimaiyyət xadimləri, həmvətənlilərimiz iştirak ediblər. Sofiya Şəhəri İcra Hakimiyyəti başçısının müavini Mariya Boyadjiyska, Dövlət Mədəniyyət İnstitutunun direktoru Lyudmila Dimitrova tədbiri bolqar ictimaiyyətinin Azərbaycan kəlağayı sənəti ilə daha yaxından tanış olması baxımından yüksək dəyərləndiriblər. Beləliklə, qədim sənətimiz Bolqarıstan ictimaiyyətini də valeh etdi. Azərbaycanda istehsal olunan milli qadın baş örtüyü kəlağayı insanların qəlbini rahatlandırır, ən dərin duyğularını oyadır, onlara istidə dağların sərinliyini, soyuqda günəşin hərarətini bəxş edir.
Bir-birini əvəzləyən bu sevindirici xəbərlərin bütün dünyanı dolaşdığı bir məqamda Bakı Dövlət Universitetinin kafedra müdiri, "İnkişaf” Elmi Mərkəzinin üzvü Rəna İbrahimbəyova ilə görüşən AzərTAc-ın əməkdaşları onun kəlağayı sənəti ilə bağlı fikirlərini geniş oxucu auditoriyasına çatdırır.
Bolqarıstanda Azərbaycan kəlağayısının təqdimatında iştirak etmiş həmsöhbətimiz bildirdi ki, bu tarixi hadisə ilk növbədə Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın milli mənəvi dəyərlərimizin qorunmasına, mədəniyyətimizin inkişafına böyük dəstəyinin parlaq nəticəsidir.
Kəlağayı sənətinin tədqiqi ideyası Rəna İbrahimbəyovanın BMT-nin "Gender inkişafı” layihəsində iştirakından sonra yaranıb. O xatırlayır: "Gender layihəsi çərçivəsində xaricə gedib-gəlir və əcnəbilərə kəlağayı bağışlayanda onların buna böyük maraqla yanaşdığını görürdüm. Hətta BMT-nin 37-ci sessiyasında moderator çəhrayı rəngdə kəlağayını çiyinə atıb iclası aparırdı. Bütün bunları görərək, bu zərif ipək məmulatını daha dərindən tədqiq etmək qərarına gəldik. Araşdırmalarımız seçimimizin düzgün olduğunu təsdiqlədi”.
 
Kəlağayı sülh və əmin-amanlıq rəmzidir
Kəlağayıya aid ilk sərgi ölkəmizdə 2005-ci ildə keçirilib. Sonralar Azərbaycan kəlağayısı Türkiyə, Gürcüstan, Macarıstan, Avstriya, İtaliya, ABŞ, Belçika, Malayziya və digər ölkələrdə müxtəlif sərgilərdə nümayiş olunub. Kəlağayının vətəni Azərbaycanın şimal-qərbində yerləşən qədim Basqaldır.
Bu baş örtüyü mütləq ipəkdən, kvadrat formasında olmalı, hazırlandıqdan sonra rənglənməli və naxışlanmalıdır. Kəlağayı məxsusi ipəkdən hazırlanır. Bu ipəyin sapları çox incə, eyni zamanda çox davamlı, yüngül və uzunömürlüdür.
Kəlağayının kənarları (yeləni) və ya mərkəzi (xonça), adətən nabati, geometrik ornamentlərlə bəzədilir və hər biri təkrarolunmazdır.
Tarixən sosial, ictimai həyatımızın, münasibətlərimizin bir hissəsinin kəlağayı ilə tənzimləndiyini qeyd edən R.İbrahimbəyova deyir: "Ənənəyə görə uşaq dünyaya gələndə onu anasının gəlin gedərkən başına örtdüyü qırmızı kəlağayıya bükərdilər. Sonradan isə həmin kəlağayını zahı qadın 40 gün belinə bağlardı ki, təzədən öz formasına qayıtsın. İnsan dünyanı tərk edəndə isə mafənin üstünə kəlağayı atırlar.
Kəlağayı qadınlarımızın isməti, sülhün, əmin-amanlığın rəmzidir. Müharibənin, qan tökülməsinin qabağını almaq istəyən analarımız, nənələrimiz döyüşən tərəflərin arasına kəlağayı atanda onlar dayanırdı. Qızlar sevdikləri oğlanın elçi göndərməsinə razılıqlarını ona kəlağayısını verməklə bildirərdilər.
Vaxtilə qadınlar bölmə kəlağayı (kəlağayının dörddə bir hissəsi) ilə başlarına "dingə” bağlayır, sonra iri kəlağayını örtərdilər”.
 
Kəlağayını kişilər hazırlayır

Heç kəs təəccüblənməsin. Xanımlar bilməlidirlər ki, kəlağayını kişilər hazırlayır. Hər kəlağayıda rənglərin, naxışların dili ilə kişilərin qadınlara münasibəti, hissləri, duyğuları əks olunur.
Bu ipək baş örtüyü basmanaxış üsulu ilə bəzədilir və həyatda baş verən hadisələrin ruhuna uyğun şəkildə rənglənir. Məmulatın rənglənmə ardıcıllığı var. Boyaqçının işi isə xüsusidir, belə ki, küpxananın açarı ancaq onun özündə olur və sirrin açılmaması üçün iş vaxtı heç kəsi içəri buraxmır. Beləliklə də, kəlağayı göz oxşayan, solmayan, müxtəlif rənglərlə boyanılır. "Boyaqçıya nəzir düşür” atalar sözü bəlkə də burdan qaynaqlanır.
Azərbaycan əhalisi bir yerdən digər yerə köçəndə də kişilər yeni məkanda birinci olaraq kəlağayı hazırlayıblar.
Çəkisi cəmi 130 qram olan kəlağayı üzükdən rahatlıqla keçir.
Naxışlarına, rənglərinə görə fərqlənən kəlağayıların zirvəsi isə "Yeddirəng kəlağayı”dır. Onu doqquz dəfə qaynadır, rəngləyir, qurudurlar.
 
Harada ipək var, orada zənginlik var
İpəkçilik Azərbaycanda tarixən nüfuzlu, gəlirli sahə hesab olunur. Nahaq yerə demirlər ki, harada ipək var, orada zənginlik var.
Bu gün Basqal İpək Mərkəzində interaktiv muzey fəaliyyət göstərir ki, ziyarətçi orada həm kəlağayının hazırlanması prosesi ilə tanış olur, həm də onun tarixinə dair biliklər alır. Ən maraqlısı isə odur ki, bu muzeydə ziyarətçiyə kəlağayının hazırlamasında şəxsən iştirak etmək imkanı yaradılır.
Artıq kəlağayının konsepsiyası yaradıldığını qeyd edən R.İbrahimbəyova deyir: "Biz tarixi kəlağayını bərpa etmişik. Çox istərdim ki, bu baş örtüyündən gənc qızlar da istifadə etsinlər. Bu məqsədlə bölmə kəlağayılar, şərflər da hazırlanır. Çalışırıq ki, kəlağayını müasir şəraitə uyğunlaşdıraq”.
Bütün bu çətin və maraqlı işlərdə Rəna xanıma ömür-gün yoldaşı, inşaatçı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Cəlil Tarıverdiyev hər zaman dəstək olur.
Rəna İbrahimbəyovanı dinlədikcə, onun kəlağayıya və bu sənətə sonsuz sevgisini görürük. İnsanda belə bir əminlik yaranır: nə qədər ki, belə insanlar var, xalqımıza məxsus bənzərsiz sənət inciləri daim yaşayacaq. Ölkələr dolaşaraq Azərbaycanı bütün dünyada tanıdacaq.
loading...
Offline
  • Şərh №: 1
  • 1 fevral 2015 19:45
  • Xəbər sayı: 20
  • Şərh sayı: 718
Kelagayi nenelerden yadigar bir ewyadir indi hec kim kelagayi taxmir belkede taxirlar 2-3 nefer belkedee

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər