Özəl:

Yamanlığa yaxşılıq ər kişinin işidir!



Yamanlığa yaxşılıq ər kişinin işidir!
Bir müddət əvvəl yaşlı bir satıcı qadının, yer sahibi tərəfindən sərt şəkildə qovulduğunun şahidi olmuşdum. Yerin sahibi olan kişi, hamının gözü qarşısında qadının üstünə qışqıraraq dedi ki, o yeri tərk etsin və orada bir də nəsə satmasın. Çünki tez tərk edir. Özü orada olmayanda da yerinə başqası öz malını qoyub satır. O da yerin pulunu vermir. Həmin yaşlı qadın da mehriban və qürurlu bir şəkildə: "Yaxşı oğlum, bir də orada heç nə satmaram. Təki sən əsəbləşmə. Sən yaxşı insansan" dedi. Üzündən çox pərt olduğu görünürdü. Bir az keçdi və diqqətlə müşahidə etdikdən sonra gördüm ki, həmin kişi, hansı ki, o qadının üstünə bağırmışdı, indi özü də pis olmağa başladı. Görünür əsəbləri sakitləşən kimi dediyi sözlərə görə vicdanı sızıldamışdı. Sonra qadına yaxınlaşıb, onunla mehriban bir tərzdə danışmağa başladı. Çox güman ki, etirazını geri götürürdü.
Kişinin bu addımına səbəb, həmin yaşlı qadının xeyirxah reaksiyası idi. Çünki əgər arvad onun etirazına qarşı etiraz etsəydi, kişi yəqin ki, beləcə yumşalmazdı, əksinə öz etirazında davamiyyəti axıracan qoruyardı. O qadın əslində nə Karnegie oxumuşdu, nə də Daniel Goldman. O, sadəcə comərd bir addım atmışdı: Pis rəftara yaxşı rəftarla cavab vermişdi!

Etdiyim bu müşahidədən sonra mənə məlum oldu ki, yaxşılıqla verilmiş cavab heç də boşa çıxmır. O an olmasa da, bir müddət sonra insanı öz vicdanı ilə hesablaşmağa vadar edir. Əgər biz pislik etməyə alışmış bir insanı yaxşı insan olduğuna inandırsaq, o tədricən özünü bu məqsədə doğru dəyişə və yaxşıya çevrilə bilər. Eyniylə yaxşı bir insanı da davamlı olaraq haqsız ittihamlarla pisləsək, o da özünümüdafiənin pis yönlərindən istifadə edə və tədricən pisə çevrilə bilər. Məşhur atalar misalında söylənilən, "mərdi qova-qova namərd edərlər" kəlamı heç də boş yerə söylənilməmişdir. Bu kəlam əsrlər əvvəl yaşamış qocaman insanların möhkəm həyat təcrübələrindən süzülüb gəlmiş, dəyişməz insan fitrətlərini xarakterizə etmişdir. Beləcə, məsələni belə fəlsəfi yolla dəyərləndirib bu nəticəyə gəlirik ki, əhatəmizdəki insanların necə olmasına (yaxşı və ya pis) bilavasitə biz özümüz qərar vermiş oluruq. Ona görə də çalışıb yaxşılıq etmək, insanlara dəyər vermək və maksimum şəkildə pislik etməkdən çəkinmək lazımdır. Əgər biz insanlara pislik etməyə, kin saxlamağa, onlardan inciməyə, onlara nifrət bəsləməyə üz tutsaq, onlar da eyniylə bizə qarşı bunu etmiş olacaqlar. Bununla da həm onlar bizim gözümüzdə, həm də biz onların gözündə pis insanlara çevriləcəyik. Bu cür münasibətlərdən qurtuluş yolu yalnız yaxşılıq və barışıqladır.

Yamanlığa yaxşılıq ər kişinin işidir!
Həmin məsələyə psixoloji yöndən yanaşanda da çıxış yolunun yenə barışıqda olduğunu görürük. İnsan küsülü qaldığı və ya nifrət bəslədiyi bir şəxsi və ya şəxsləri hər xatırladıqda, özündə təcridolunma əzabı hiss edir. Amma əslində insan həmin şəxslərə nə qədər nifrət bəsləsə də, şüurunun dərinliklərində onlarla barışmaq, onlardan səmimi canıyananlıq və sevgi görmək istəyir. Bunlar olmadığı təqdirdə isə, hər yadına düşdükcə ruminasiya halı yaşayır - yəni, problemi təkrar nəzərində canlandırıb narahat olur. Belə insan həyatda nə qədər xoşbəxt olsa da, nəyinsə davamlı olaraq onu narahat etdiyini, bir az aydın xatırlayanda isə, bunun elə həmin o inciklik məsələsi olduğunu anlayır. Bu vəziyyət bir az duyğusal olan insanları daha çox narahat edir. Bu cür narahatlığın qarşısını birdəfəlik almaq isə, barışıqla mümkündür.

İlahi mətnlərdə də bu cün pozuntulu münasibət problemlərinin qarşısını almağın yolunun yaxşılıq və barışıq olduğu göstərilmişdir:

Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir. (Şura surəsi, 40)

Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. (Fussilət surəsi, 40)

Ayədə təsvir olunan yaxşılıq süniliklə deyil, səmimi bir şəkildə edilərsə, insan həm kin bəslədiyi insana qarşı kinini tərk edər, həm ona sevgi bəxş etmiş olar, həm də onu ürəkdən bağışlayır. Qarşı tərəf də onun bu addımını cavabsız qoymaz. Bununla həm özü, həm də qarşı tərəf rahatlıq tapar. Yalnız bu cür fitrətə uyğun davranış, yəni barışıq və yaxşılıq, bütün münaqişələrin əsas həll yoludur. Çünki yaxşılıq insanın ən böyük gücüdür. Elə isə biz də bu cür həyati bilgidən faydalanmaqdan çəkinməyək. Unutmayaq ki, bizim bu uzun gördüyümüz ömrümüz, əslində kainatda keçən milyard illərlə müqaisədə, necə deyərlər, daşdan çıxan qığılcıma bənzəyir. Gəlin bu qısa ömürdə insanları bağışlayaq və pisliyə yaxşılıqla cavab verək. Çünki bu ən çox bizim özümüz üçün faydalıdır. Sədi Şirazı bu məsələni çox gözəl vurğulamışdır: "Qılınc nə qədər iti olur-olsun, yumşaq pambığı kəsə bilməz."
loading...
Offline
  • Şərh №: 1
  • 17 iyul 2016 13:03
  • Xəbər sayı: 17
  • Şərh sayı: 119
cox maraqli yazidir.eyninynen beledi .sinamiwam birdefe bir refiqem mene kobud xowa qelmez hereket eledi .cavabim ona cox sakit temkinli oldu eseblewsemde biruze etmedim.sora qizin ozu pis oldu.pewman olub uzur istedi .Bu hereketler psixoligiya baximindan insanin ozunede xeyirdir .tewekkurler paylawim ucun...

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər