Özəl:

“Qışqıran” oyuncaqların fəsadları



“Qışqıran” oyuncaqların fəsadları
"Uşaqlarım oyuncaqlara çox meyillidir. Başlarının qarışması üçün  onlara  danışan robot və gəlincik aldım. Ancaq oyuncağa nə qədər səs vermişdilərsə, uşaq onu oynatmağa başlar-başlamaz çığırmağa başladı. Güclü səs onların əsəblərini qıcıqlandırırdı. Oyuncağı alarkən isə onun səsinə elə də fikir verməmişdim. İndi uşaqlarım hər dəfə televizorda robot və ya gəlincik görəndə ağlamağa başlayırlar. Onlarda oyuncağa qarşı qorxu hissi oyanıb". Bu sözləri bizimlə söhbətində 2 uşaq anası Xəyalə Məmmədova dedi. 

Mütəxəssislər də hesab edirlər ki, uşaqlara oyuncaq seçərkən  diqqətli olmaq lazımdır. Çünki bu seçim onların sonrakı taleyində mühüm rol oynayır. Bəs səsli oyuncaq alarkən nələrə diqqət etmək lazımdır?  Mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrəndik. 

Ekspertlərin sözlərindən belə məlum oldu ki, uşaqlar üçün oyuncaqlar mütləq yaş qrupuna görə alınmalıdır. 5 yaşadək uşaqlar üçün xırda detalları olan oyuncaqlar almaq lazım deyil. Belə uşaqlar üçün onların nitqini, fiziki davranışlarını inkişaf etdirən oyuncaqlar, məsələn, top, böyük maşınlar, cırılması mümkün olmayan şəkilli kitablar, müxtəlif fiqurlar almaq olar. Danışan oyuncaqları isə uşaqlara 6 yaşdan sonra almaq lazımdır. Çünki robot oyuncaqlar yaşı 6-dək olan uşaqların psixikasına pis təsir edir. Bundan əlavə, 6 yaşı olmamış uşaqlar belə robot oyuncaqları sökməyə həvəs göstərirlər. Bu isə ailənin büdcəsinə təsir edir. Uşaqlar robot oyuncaqlara 7 yaşdan sonra daha yaxşı maraq göstərirlər.

Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Narınc Rüstəmova mövzumuzla bağlı fikirlərini bizimlə bölüşdü. Bildirdi ki, uşaqların dünyası oyuncaqlardan ibarətdir. Onlar dəyərləri oyuncaqlar üzərində öyrənirlər: "Uşaqlarda 7-ci aydan sonra reaksiya sistemi formalaşır. Valideynlər uşaqların yaşına uyğun olaraq oyuncaqlar seçməlidirlər. Təəssüf hissi ilə deməliyəm ki, bu günün valideynləri öz zövqlərinə uyğun oyuncaq seçirlər. Təzə doğulmuş uşağa böyük bir ayı alırlar. Uşaqlara oyuncaq alarkən rəng seçimi çox önəmlidir. 7 ayından sonra uşaqlara rezinli, yumşaq oyuncaqlar alınmalıdır. Analar gigiyenik baxımdan alınan oyuncaqlara diqqət yetirməlidir. Belə ki, həmin oyuncaqlar uşaqlarda allergiya yaradır, infeksiya formalaşdırır və s. Çünki bir yaşa qədər olan uşaqlara verilən oyuncaqları onlar ağızları ilə yoxlayırlar. Valideynlərin oyuncaq seçimində 4 rəngdən istifadə etmələri məsləhətdir - qırmızı, yaşıl, sarı və mavi. Daha çox tanınan rənglər olduğu üçün bu rənglər uşaqların zehni inkişafı üçün böyük rol oynayır. Yaş yarımdan sonra daha çox taxta oyuncaqlara önəm verilməlidir. Valideynlər əcaib məxluqlardan qaçmalıdır. Cizgi filmləri qəhrəmanlarının oyuncaqları 7 yaşından böyük uşaqlara alınmalıdır. Hətta bu oyuncaqlar uşaqlara xətər yetirə bilər. Valideynlər səsli oyuncaqlara daha çox üstünlük verirlər. Çünki bu, onların zehni inkişafına, qulaq yaddaşına çox yaxşı təsir göstərir. Əgər uşaq hər hansı səsli oyuncaqdan qorxub, fobiya hissi formalaşıbsa, valideynlər uşaqlarda bu qorxu hissini götürməlidirlər. Belə ki, uşaqlara sevdiyi bir şeyi robotun əli ilə versinlər. Onlar həmin oyuncağı uşağa sevdirməyə başlasınlar. Belə olan halda uşaqların şüurunda formalaşan həmin o qorxu aradan qalxacaq. Qorxu elə bir toxumdur ki, o uşağın içinə səpildikcə daha da genişlənir, cücərməyə, genişlənməyə başlayır. Gün keçdikcə o uşaqlar tək qalmaqdan, qaranlıq otaqdan da qorxmağa başlayırlar. Ona görə də qorxunu kiçik yaşlarından aradan qaldırmaq lazımdır ki, bu, itirmək qorxusu ilə əvəz olunmasın".

Psixoloq məsləhət gördü ki, valideynlər oyuncaq alarkən onu yoxlasınlar, istifadə qaydalarına bələd olsunlar. Çünki bəzən valideynlər oyuncaq alarkən satıcıdan nəyisə soruşmağa utanırlar, kompleksə düşürlər: "Sabah mənim uşağım həmin oyuncaqdan fobiyaya düşəndə gedib o satıcının yaxasından yapışa bilmirəm. Uşaqlar ilk ünsiyyəti oyuncaqlar vasitəsi ilə qurur. Çox zaman uşaqlar qazanla oynayır. Çünki onun çevrəsində gördüyü hər şey oyuncaqdır. Uşaq üçün televizor, isti bir qazan oyuncaqdır. Onlarda təhlükə anlayışı yoxdur. Hər şeyi oyuncaq kimi qəbul edirlər". 

Psixoloq Vəfa Rəşidova "Kaspi"yə açıqlamasında bildirdi ki, uşaqlar üçün oyuncaq seçərkən mütləq şəkildə onların yaşları nəzərə alınmalıdır: "Əgər aldığımız oyuncaqlar uşaqların yaşları ilə uyğun deyilsə, bu, əyani şəkildə özünü büruzə verəcək. Belə ki, 1-3 yaşında olan uşaqlara daha yumşaq oyuncaqlar almaq zəruridir. Uşaqlar oyuncaqlardan qorxa bilərlər. Bu, uşaqlarda fobiya yaradır. Oyuncağa qarşı avtomatik olaraq narahatlıq formalaşır. Yəni oyuncaq görəndə onun şüuraltına işləmiş həmin o qorxu özünü büruzə verəcək. Danışan oyuncaqlar eqosentrizm dövrünü keçən, yəni 4 yaşından yuxarı uşaqlar üçün nəzərdə tutulub. 1 yaşlı uşaqlar üçün yumşaq və ələ yatımlı rezin oyuncaqlar seçmək lazımdır. Uşaqların məntiqi o qədər də inkişaf etmədiyi halda əlinə aldığı oyuncaqdan səs eşitdikdə qorxuya düşür. Həmin yaş dövründə valideynlər özləri uşaqlarla ünsiyyətə girib danışmalıdırlar ki, əvvəlcə o incə, nazik səsi qavrasınlar, sonradan oyuncaqlardan çıxan o kobud səsləri qəbul edə bilsinlər. Bu onun yaşına uyğun olmayan bir oyuncaqdır. Bütün oyuncaqların üzərində yaş həddi yazılır. Bəzi hallarda uşaqların sevdiyi oyuncaqlar varsa, valideynlər uşaqları məmnun etmək üçün həmin oyuncaqları alırlar. Bu da onlara çox ciddi və əks təsir göstərə bilir. Uşaqlar üçün oyuncaqlar ona görə alınır ki, onlar oynasınlar, analiz etmə, məntiq inkişaf etsin. Ancaq düzgün seçim olmadıqda uşaqlarda qorxu yaradırıq. Bunun üçün uşaqlara psixoloq tələb olunur ki, onların daxilində yaranan həmin fobiyanı müəyyən seanslar vasitəsi ilə uşağın beynindən çıxarsın. Belə olmasa, uşaqlarda oyunlara qarşı qorxu hissi olacaq. Uşaqlarda belə bir şüuraltı fikir formalaşacaq ki, bütün oyuncaqlar ziyan verə bilər". 

Psixoloq deyir ki, əgər oyuncaq satılırsa, onu uşaq üçün almaq məntiqi ilə yanaşmamalıyıq. Uşaqların məntiqi təfəkkürünü artıran oyuncaqlar almaq daha məqsədəuyğundur. V.Rəşidova qeyd etdi ki, uşaqların beyinləri ağ vərəq kimidir. Onlar nəyi eşidirlərsə, onu da mənimsəyirlər. Bu da onların xarakterlərinə təsir edir. 

2 oğul anası Həmidə Cəfərova deyir ki, dost-tanışlar körpə dünyaya gəlməmiş onun oyuncaqlarını alıb hazır saxlayırlar. Əksər hallarda seçim barədə heç kim fikirləşmək belə istəmir: "Təki oyuncaq olsun. Körpəyə oyuncaq seçməyə oyuncaq kimi baxanlar özlərini və övladlarını "oyuna" salırlar. Mən uşaqlarıma oyuncaq seçərkən zehni  inkişaflarını işlədə biləcəkləri və əylənə biləcəkləri oyuncaqlara üstünlük verirəm.  Misal üçün, rəngli və hərf formasını yaddaşa həkk edə biləcəyi və ya saymağı onunla öyrənə biləcəyi oyuncaqları alıram.  Uşaqlarım səsli oyuncaqlardan qorxmur, ancaq mən elə oyuncaqlara üstünlük vermirəm. Daha çox çalışıram ki, səs olaraq insanların dialoqunu dinləsinlər. Bunun üçün də onları uşaq verilişlərinə, cizgi filmlərinə yönəldirəm. Bu bir növ uşaqların ünsiyyətcil olmasına da zəmin yaradır".

Mövzumuzla bağlı Feysbukda "Körpəm və Mən" qrupunda cəmlənən anaların da fikirlərini öyrəndik. Anaların əksəriyyəti ucuz olan oyuncaqlar aldıqlarını və onların hansı keyfiyyətlərə malik olmasından xəbərsiz olduqlarını bildirdilər. Qeyd etdilər ki, uşaqlara oyuncaqları daha çox evə qonaq gələrkən alırlar. Alınan oyuncaqlarla oynayan uşaqlar daha çox həmin oyuncaqlarla ünsiyyət qurur. Bəzən isə uşaqlar həyatlarını məhz oyuncaqlara bağlayır və onlarla yatıb dururlar.  
Alimlər oyuncaqların uşağın duyğu sisteminə, zehninə, təxəyyülünün inkişafına ciddi təsir etdiyini çoxdan isbatlayıblar. Uşaqlar oyuncaqlarla oynayarkən tez danışmağa meyil göstərirlər. Müxtəlif oyuncaqların, gəlinciklərin ətrafında özlərini xoşbəxt hiss edir, onları əhatəyə alanlara daha da isti münasibət bəsləyirlər. Oyun oynayan uşaq özünü ifadə etməyi bacarır. O, ətrafda baş verənləri araşdırmağı, obyekti tanımağı və münasibət bildirməyi öyrənir. 

Türk psixoloqları isə hesab edir ki, uşaqların inkişafında oyuncaqların rolu danılmazdır. Uşaqları özünə cəlb edən oyun və oyuncaqlar uşağın intellektindən xəbər verir. Uşağın marağını və fantaziyasını genişləndirir. Ona görə də uşaqların fantaziyaları, arzuları üçün mənbə ola bilən yeni təəssüratlar almasına çalışmaq lazımdır: "Uşağın başını müxtəlif oyuncaqlarla qatmağa çalışmayın, bu onun fantaziyasına xələl gətirə bilər. Ona hansı oyuncağı alım sualına isə cavab bəsitdir. Uşaqların əqli inkişafı üçün onlara konstruktor tipli oyuncaqlar almaq vacibdir. Uşaq hissələrə ayrılmış konstruktoru yığıb, onu əvvəlki formasına salmağa maraq göstərəcək. Oyuncağı az olan uşaqlar əqli cəhətdən gec inkişaf edir.   Uşaqlar oynayarkən valideynlər diqqət yetirməlidir ki, uşaq daha çox hansı oyuncaqları ilə oynayır". 

Onlar bildirirlər ki, valideynlər uşaqlarının hansı oyuncaqla oynadıqlarına diqqət etməklə həm də onların maraq dairəsini müəyyənləşdirə bilərlər. Oyunları ev şəraitində, masa arxasında, açıq havada gəzintiyə çıxarkən və ya bağçaya gedərkən yolda da oynamaq olar. Oyuncaqlarla yanaşı, çalışıb uşağa hər gün kitab oxumaq lazımdır.      

Əziz analar, çalışın ki, uşaq əlində oyuncaq tutmağı öyrənsin. Körpənizin oyuncaqlara toxunmasına imkan yaradın, başa düşməsi üçün 
ona zaman verin. Uşağı sakit səslə danışdırın. Güclü səs körpənin əsəblərini qıcıqlandırır. Ona elə gəlir ki, ətrafında böyük bir gurultu var. 

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər