Özəl:

Balam nə vaxt dil anlar?!



Balam nə vaxt dil anlar?!
Uşaq danışmayanda onu başa düşmək çətindir. Xəstə olanda harasının ağrıdığını, nə hiss etdiyini, niyə ağladığını deyə bilmir. Bu hallar valideynləri çox üzür. Onlar uşağın ətrafda baş verənləri anladığını da müəyyən edə bilmirlər. Bu səbəbdən də səbirsizliklə uşağın dil açmasını gözləyirlər. Ana övladının qırıq səslərlə nə demək istədiyini birtəhər başa düşsə də, başqaları bacarmır.

Loqoped Həmidə Həsənovanın sözlərinə görə, uşağı danışmağa 4-5 ayından öyrətmək lazımdır: "Bu dövrdə uşaq qığıldamağa başlayır. Bir neçə aydan sonra isə uşaq "öz dilində" danışır. O, bunu etdikdə uşağa mütləq cavab vermək lazımdır".

H.Həsənova bildirib ki, əvvəlcə uşaqda hecaları təkrarlamağı inkişaf etdirin: "Uşaq hecalara oxşar səslər çıxarır, dediklərinizə diqqətlə qulaq asırsa, ona sadə sözləri hecalayaraq dəqiq deməyə başlayın. Misal üçün, "a-na", "a-ta", "nə-nə", "bi-bi", "bə-bə" kimi sadə və qısa sözləri öyrədin. Uşaq deyən sözlərə diqqətlə qulaq asın. Hansı hərfləri deyə bildiyinə fikir verib həmin hərflərdən ibarət sözləri öyrətməyə çalışın".

Müsahibimiz qeyd edib ki, uşağı danışdırmaq üçün əşyaları adı ilə tanımağı öyrədin. Ona izah edin ki, "bu stoldur", "bu stuldur", "bu maşındır", "bu oyuncaqdır", "bu sudu" və s. Uşaqla intellektini məşq etdirən oyunlar oynayın. Otaqda olan əşyanın adını deyib harada olduğunu soruşun. Artıq yarım ildən sonra "hanı?" deyəndə, uşaq axtardığınız əşyaya baxacaq. Yaxşı olar ki, əlvan rəngli, maraqlı əşyalar seçəsiniz. Daim eyni yerdə olan əşyaları öyrətmək isə daha yaxşı effekt verir. Uşaq əşyanı gözlərilə axtararkən hər dəfə eyni yerdə tapanda onun adını daha yaxşı yadda saxlayacaq. Uşaq əşyaları yadda saxlayandan sonra onu hərəkət etməyə təhrik edin: "Çarpayıda uzan", "maşını ver", "kresloda otur", "fincanı ver" və s.

Uşağa danışmağı öyrədərkən öz adını yadda saxlamağı öyrətmək vacibdir. Bunun üçün uşağı tez-tez adı ilə çağırmaq lazımdır.

Uşaq 7 ayına çatanda ona qısa oyun-şeirlər öyrətmək olar. Oyun-şeirlər zamanı uşağa müəyyən əl hərəkətləri ilə bərabər sözlər də öyrədilir. Bir müddət sonra uşaq özü əli ilə hərəkətləri edib şeiri təkrarlamağa cəhd edəcək.

Uşağın 10 ayı olanda böyüklərin nitqini təqlid etməyə başlayır. Valideynlərini təqlid edərək yeni hecaları səsləndirir. Əvvəlcə uşaq valideynlərin bir-biri, başqa adamlarla və ya onunla söhbətinə diqqətlə qulaq asır, sonra onların dedikləri sözləri təkrarlamaq istəyir. Bəzən o, sözləri deyə bilməsə də, intonasiyanı təkrarlayır.

Bir yaşında uşaq artıq böyüklərin istəklərinə, tələblərinə reaksiya verir. O, ətrafda baş verən hər şeyi qavrayır və gördüklərindən təsirlənir. O bu dövrdə özünü aparmaq qaydasını öyrənir, biliklərə yiyələnir. Bir yaşdan üç yaşa qədər valideynlər uşağa çox şey verə bilər. Uşaq bu yaş dövründə yaxşı öyrənir və qaydalara riayət edir. Adətən uşağın 1 yaşı olanda, artıq o, bir neçə sözü dəqiq və anlayaraq deyir. 1 yaşdan sonra danışıq lüğəti hər həftə artır.

Uşaqlarda danışa bildikləri yaş dövrü fərqlidir. Lakin valideynlər nitq qabiliyytini inkişaf etdirməkdə övladlarına kömək edə bilərlər. Həkim məsləhət görür ki, uşaq danışmağı tez öyrənsin deyə onunla çox danışın. Mətbəxdə yemək bişirəndə, televizora baxanda belə onunla söhbət edin. Yemək bişirirsinizsə, ona sadə sözlərlə nə etdiyinizi başa salın. Əgər gəzintiyə getmək fikriniz varsa, uşağa bu haqda bildirin. Onu geyindirən zaman bu haqda söhbət edin. Ona ətək və ya şalvar, köynək, papaq və s. geyindirəcəyinizi başa salın. Ümumiyyətlə, onunla bölüşün. Sizinlə ünsiyyətə çox ehtiyacı var. Harasa gedəcəksizsə, onunla bu haqda danışın. Gedəcəyiniz yeri təsvir edin. Getdikdə nə edəcəyinizi, özünüzlə gəzintiyə nə aparacağınızı da deyin. Uşaqla təmiz havada gəzdikdə gördüyünüz çiçək, ağac, quşlardan danışın.

Qəribə səslənsə də, texniki avadanlıqların, maşınların, heyvanların, küləyin, yağışın, dolunun səslərini imitasiya etmək nitqin inkişafına müsbət təsir edir. Loqoped bildirir ki, tezliklə uşaq da valideynin diqqətini cəlb etmək üçün itin, pişiyin, maşının səslərini ifadə edəcək. "Bu zaman cümlələrinizlə nəyin baş verdiyini izah edərək uşağa dəstək olun. Uşaq tez danışsın deyə, onun kiçik motorikasını inkişaf etdirmək lazımdır. Bunun üçün kiçik əşyalarla, plastilinlə oynamaq yaxşı effekt verir. Plastilindən uşaq üçün nağıl və ya cizgi filmləri qəhrəmanlarını düzəldin. Qəhrəmanların bədən hissələrinin adını deyərək, bir-bir göstərin. Geyimlərin rəngi barədə məlumat verin. Nağılın məzmununu danışın".

Həmsöhbətimizə görə, artıq 2-3 yaşında uşağı iş görməyə həvəsləndirmək olar. Əvvəlcə uşaqda hər şey çox səliqəsiz alınacaq, amma tədricən öyrənəcək.

H.Həsənova bildirib ki, uşağın nitqi tez inkişaf etsin deyə ona tez-tez nağıl danışmaq, kitab oxumaq lazımdır. Birgə mahnı oxumaq da uşağı çox əyləndirir, üstəlik yeni sözləri öyrədir.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər