Özəl:

Zorlanmış qadın



Zorlanmış qadın
Yenə həmin günlərdən birində səhər durub universitetə tələsirəm.Yol gözümə o qədər uzun görünür ki, sanki başqa ölkəyə gedirəm. İçimdə qəribə bir hiss var, yəqin yorğunluqdandı. Əslində, həmişə yorğunam, yəni bu aralar çox yoruluram. Çünki dərsdən çıxıb işə tələsirəm. Bəzən dərsdən sonra evə gedən uşaqlara həsəd aparıram. Elə bilirəm ki, onlar dünyanın ən xoşbəxt insanlarıdır. Uşaqca bir hissdir, hər halda, özüm də uşağam. Yəni özümü həmişə elə görmüşəm..

O gün də dərsdən eyni vaxtda çıxdım və bu dəfə bir az vaxtım vardı. İşə gəzərək getmək istədim. Bilmirəm sevinim, yoxsa kədərlənim, amma həmin gün həyatım dəyişdi və mən böyümək qorxusunu yaşadım..

Hər dəfə işə gedən yolda bir qızı görürdüm. Hər dəfə eyni yerə boylanır və qaçırdı. Oyun oynamaq üçün kifayət qədər böyükdü. Uzun, tünd qara saçları, qalın qaşları və alnının ustünə tökülən telləri ona xüsusi gözəllik verirdi. Qız çox arıqdı, cılız çiyinləri arıqlıqdan qabağa əyilmişdi. Qozbelə oxşasa da, bilmək olurdu ki, arıqlıqdandır. Onun niyə hər dəfə belə elədiyi məni düşündürürdü, "nəyimə lazım”, deyib fikir verməməyə çalışırdım. Qızı demək olar ki eyni paltarda görürdüm. Bəzən "bəlkə qaraçıdır?”, deyə düşünürdüm. Çünki çox vaxt üzü çirkli, əlləri qapqara olurdı. İçimdə qəribə bir hiss vardı, bu hiss məni addım başı izləyirdi..

Yenə o qız, yenə eyni çəhrayı paltar, yenə həmin qara üz. Bu dəfə uzun-uzadı baxdı o yerə.Yerdə heç bir qəribəlik yox idi – uzun bir yoldu, adi yol. Niyə baxırdı ki, o yola? Məqsədi nəydi? Onunla danışmaq, dərdini bilmək istəyirdim. Lakin nə deyib yaxınlaşa bilərdim ki ona? Yenə bəlkə jurnalistəm yalanını deyim? Bu ona nə dərəcədə cazib görünəcəkdi ki? Nəysə. Bir onu bilmirəm ki, sadəcə ona yaxınlaşmaq istəyirəm. Beynim yalnız buna adaptasiya olub.

Yaxınlaşdım.. qoluna toxundum, çünki arxası mənə tərəfdi. O isə çevrilmədən qışqırmağa başladı. Elə hey qışqırırdı.. qolumdan bərk-bərk tutmuşdu. Gözümü yumdum və açanda onu yedə oturan gördüm. Özümü itirdim, nə edəcəyimi bilmədim. Qeyri- ixtiyari yerdə tapdım özümü. Yanında oturdum, dərindən nəfəs almağa başladı. Elə nəfəs alırdı ki, elə bil uzun yolu qaçmışdı. Gözlərini də yummuşdu.

Bir müddət sonra gözlərini açdı, mənə baxdı.  Ayağa qalxıb qolumu dartmağa başladı. Mən də qalxdım. Məni harasa aparırdı, bilmirəm hara. Mən də getmək istəyirdim, sanki bu yolun sonunda onun kim olduğunu, niyə belə etdiyini biləcəkdim. Uzun yolun sonunda bir binanın zirzəmisinə girdik. Bizi burada bir qadın gözləyirdi, sanki çoxdandır bugünü gözləyirmiş kimi, gözləri təzə oyuncaq alan uşağın gözləri kimi parıldayırdı. Salamlaşdı, içəri dəvət etdi. Məsələni ona izah etməyə çalışdım, lakin qadının baxışları mənə danışmağa imkan vermirdi. Fikirlərim qarışıqdı. Çox qəribəydi, qız kənarda oturub palçıqlı gəlinciyini oynadırdı. Axı niyə belə edirdi?

Qadın sözə başladı:

-         Ona dəli kimi baxma, nolar. O dəli deyil, sadəcə xəstədi. Onu xəstə elədilər. Kim elədi? Cəmiyyət, toplum, acgöz insanlar.

-         Mən sizi başa düşmürəm, yəni mənə nəyisə danışmağa məcbur deyilsiz. Bağışlayın, sizi incitmək istəmirəm, gedirəm.

-  Getmə, nolar. İllərdi bu anı gözləyirəm, dərdimi kiməsə danışmalıyam. Buna ehtiyacım var, getmə.

Oturdum. Qadın əlimi elə bərk sıxmışdı ki, əlinin təri əlimə keçmişdi. Mən sadəcə onu dinləmək və hər şeydən xəbərdar olmaq istəyirdim.

-  Biz belə deyildik. Çox böyük evimiz, hər şeyimiz vardı. Xoşbəxtdik, yəni mən elə bilirdim ki, ideal ailəmiz var. Düzdür, ikinci dəfə ərə getmişdim, amma yoldaşım yaxşı insan idi. Ayseli də çox istəyirdi. Onu sevindirmək üçün əlindən gələni edirdi. Aysel başqa qız olub. Yaşıdlarından düşüncəsinə görə çox fərqlənirdi. Çox da gözəl qiz idi Aysel. Çox danışmazdı, amma indi heç danışmır. Danışa bilmir qızım, laldı. Buna səbəb o insan cildinə girmiş şeytandır. Ayseli belə edən onun öz doğma əmisidi. Onu zorlayan heyvan. Bəli, zorladı öz qardaşı qızını. Səbəbsə mənəm! Ərim öldükdən sonra mənimlə evlənmək  istədi.  Razılaşmadım. O isə acığını mənim 16 yaşlı Ayselimdən çıxdı. Günahkarsa mənəm,  sadəcə mən. Həm qızımın bu hala düşməsinə, həm də ərimin ölməsinə səbəb oldum. O şeytan mənim ikici ərimi də ölürdü.

Ayselin anasının – Fatma xanınım ağzı əyilmişdi, saçları ağarmış, sifətindəki qırışlar dərdinin nə qədər böyük olduğunu göstərirdi. Sonra Ayselə baxdım. Sanki 10 yaş geriyə – uşaqlığına qayıtmışdı. Bəlkə də o bunu istəyirdi – uşaqlığına, paklığına qayıtmaq. Oranı tərk elədim. İçim boş idi, bomboş. Artıq həyata necə baxım? Kimə inanım – yaxınıma? Yox! Ayselə öz yaxını qıydı. Dosta? Tanışa? Kimə, hə kimə? Məncə, artıq heç kimə! Çünki kimdən nə zaman zərbə gələcəyi bilinmir. Zorlanan yalnız bədən deyil, həm də ümidlərdi, arzulardı, həyatındı və sənsən!

Şəhla Nəzərova
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər